Dələduzluqda ittiham olunan şəxs özünə `dəlilik kağızı` axtarır - İDDİA


15:13     11 Noyabr 2016 20161108_112239.jpg

Salyan rayonu Xalac kənd sakini Maşıyev Arzum Əmirağa oğlu tərəfindən Femida.az -a müraciət daxil olub. Vətəndaş müraciətində Müşfiq Məmmədov adlı şəxsin ondan dələduzluq yolu ilə 4000 manat pul aldığını və həmin şəxsin hazırda azadlıqda gəzdiyindən narazıdır.Həmçinin şikayətçi qeyd edib ki, həmin şəxs onlardan pulu alarkən nazirlərdən birinin yaxın qohumu olmasını iddia edib. Müraciəti ixtisarla təqdim edirik:


“Dələduzluq yolu ilə dörd ailəni aldadıb pulunu almış şəxs cinayət məsuliyyətindən yayınmaq istəyir. 6 aydır başlanan məhkəmə istintaqaı süründürməçiliklə aparılır. Təqsirləndirilən şəxs Müşfiq Məmmədov məhkəmə iclaslarına gəlmir. Oğlum Pənah Heydər Əliyev adına hərbi akademiyanı bitirib. İndi cəbhə bölgəsində N saylı hərbi hissədə komandir işləyir. Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Məmmədov Müşfiq Əhməd oğlu özünü nazirlərdən birinin yaxın qohumu kimi təqdim edərək bizdən 4000 manat pul alıb. Guya oğlum Pənahın iş yerini dəyişdirib evimizə yaxın olan hərbi hissəyə keçirəcək.”


Şikayətçi həmçinin iddia edir ki, onun pulunun dələduzluq yolu ilə alınmasında başqa bir şəxs də iştirak edib. Ancaq həmin şəxs məsuliyyətə cəlb olunmur.

“Həmçinin bu işdə Müşfiqin atası Əhməd Məmmədov da oğlu ilə əlbir olub ona kömək edib. Dəfələrlə mənə zəng edən Əhməd Məmmədov deyirdi ki, narahat olma nazir yaxın qohumumuzdur. Məndən bu adla 4000 manat pulu aldadıb alan Müşfiq Məmmədovun dələduz olduğunu bildikdə dərhal Ağdam rayon polis şöbəsinə şikayət etdim. Araşdırma aparıldı və Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanıldı. İstintaq zamanı müəyyən edildi ki, Müşfiq Məmmədov məndən başqa 3 nəfər şəxsi də dələduzluq yolu ilə aldadıb pullarını alıb. Bütün bu cinayət əməllərini atası Əhmədlə əlbir olub etsə də cinayət məsuliyyətinə tək Müşfiqin özünü cəlb ediblər. Bu ciddi qanunsuzluq və cinayət faktıdır. ”

Şikayətçi daha bir qanun pozuntusunun onların işinin baxıldığı məhkəmənin ünvanı ilə bağlı olduğunu iddia edir.

“Həmçinin digər qanunsuzluq da onda edilmişdir ki, cinayət işi materialları baxılması üçün Ağcabədi rayon məhkəməsinə göndərilib. Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyevin icraatında olan bu cinayət işi üçün ərizə 2016-cı ilin iyun ayından məhkəmə istintaqı süründürməçiliklə aparılır. Yeddi dəfə məhkəmə iclası keçirilib ki, onun cəmi ikisində təqsirləndirilən şəxs Müşfiq Əhmədov iştirak edib. 5 məhkəmə iclasına gəlməyib. Buna baxmayaraq onun barəsində heç bir tədbir görülmür.

Bu adam dələduzluq cinayəti törədib 4 nəfəri aldadıb pulunu mənimsəyir barəsində başqa yerə getməmək haqqında qəti imkan qərarı çıxarılır və məhkəmə istintaqına dəfələrlə gəlmir. Bütün bunlara baxmayaraq onun barəsində nə hakim Etibar Quliyev nə də ki, dövlət ittihamçısı Əliabbas Ağayev heç bir tədbir görmür.

Mən məhkəmə iclaslarında iştirak etmək üçün 300 km aralı məsafədə yerləşən Salyan rayonundan Ağcabədi rayonuna 7 dəfə gəlmişəm, hər dəfə gəlib-getməyimə 50 manat pul xərcləyirəm. Vurduğu zərəri ödəməyən təqsirləndirilən şəxs Müşfiq Məmmədovun barəsində seçilmiş başqa yerə getməmək qəti imkan tədbiri həbslə əvəz edilməlidir ki, o vuduğu zərəri ödəsin və istintaqdan yayınmasın. Müşfiq Məmmədovun heç bir psixoloji problemi yoxdur ibtidai istintaq zamanı o həkim müayinəsindən keçirilib sağlam olması barədə rəy verilib .İndi onu təkrar həkim müayinəsindən keçirib saxta rəy almaq istəyirlər ki, bunun qarşısı dərhal alınmalıdır.

Onu da qeyd edim ki, indiyə qədər mənə ittiham aktı verilməyib.Baxmayaraq ki, dəfələrlə xahiş etmişəm.”

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 3298